Bu gün Misli Premyer Liqasında keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçından sonra komandamızın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransında səsləndirdiyi fikirlər: "Təlim-məşq toplanışı zamanı komandanın bizə göstərdiyi elementlər var idi, bu dəfə "Qarabağ" onları tətbiq etməyə imkan vermədi. Heyətimizdə çox sayda yeni futbolçu var. Turlar keçdikcə daha yaxşı oyun göstərəcəyimizə inanıram.

Bu gün "Qarabağ"ın təzyiqindən çıxa bilmədik. İşimizi davam etdiririk. Üzərimizə nə düşür, edirik, edəcəyik.

Səhvlərdən heç kim sığortalanmayıb. Tərlan Əhmədli də inandığımız qapıcıdır və qarşıdakı oyunlarda ona yenə şans verəcəyik. Bu gün komanda olaraq oyunumuz alınmadı. Əlbəttə, öz səhvimizdən buraxdığımız birinci, ardınca rikaşet qolun da təsiri danılmazdır. Bu cür vəziyyətdə "Qarabağ" kimi komandaya qarşı oyunu dəyişmək, çevirmək çətin olur.

Sağlam komandamız var, qarşıdakı görüşlərdə daha fərqli "Araz-Naxçıvan" görəcəyik".